bbc.com

"PÜŞUD"- azərbaycanca yeni klaviatura düzülüşü - BBC News Azərbaycanca

  • ️https://www.facebook.com/bbcnews
  • ️Tue Oct 29 2013

PÜŞUDB klaviaturası

Şəklin alt yazısı, Sosial mediada "PÜŞUD" adlandırılan yeni düzülüşə görə köhnə düzülüşün ləğvi gözlənilmir, hər ikisinin istifadə ediləcəyi bildirilir

29 Oktyabr 2013

Azərbaycan dilində yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi cəhətlərin nəzərə alındığı yeni təkmilləşdirilmiş klaviatura düzülüşü təqdim edilib.

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin milli standart kimi qəbul etdiyi yeni klaviatura düzülüşü həmçinin, “Windows” Əməliyyat Sisteminin yeni versiyasına (8.1) inteqrasiya edilib.

Bu barədə məlumat yayan Microsoft Azerbaijan şirkəti bildirib ki, təkmilləşdirilmiş klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb.

“Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb”, APA şirkətin məlumatına əsasən yazır.

Sosial mediada "PÜŞUD" (klaviaturanın ilk beş hərfi) adlandırılan yeni düzülüşə görə köhnə düzülüşün ləğvi gözlənilmir, hər ikisinin istifadə ediləcəyi bildirilir.

Lakin informasiya texnologiyaları ekspertləri yeni klaviatura xəbərini heç də “xoş” qarşılamayıb.

BBC Azərbaycancaya müsahibəsində ekspert İlqar Mirzə təzə klaviatura barədə danışarkən deyib ki, "yenidən velosiped icad etmək lazım deyil”.

“Əlifbası latın hərflərindən ibarət olan əksər ölkələrin klaviatura düzümləri, bəzi hərflər fəqli olmaqla məhz İngilis klaviaturası üzərində qurulub”, ekspertə görə, bu səbəbdən yeni düzülüşə zərurət yox idi.

Onun sözlərinə görə, indiki klaviaturaya öyrəşən milyonlarla insan mövcuddur, eləcə də, ona əsasən xeyli cihaz qurulub və proqramlar yaradılıb.

Yeni klaviatura düzülüşünün bu ilin yayında istifadəyə vericələyi gözlənilirdi.

Klaviaturanın müəlliflərindən biri, AMEA-nın müxbir üzvü, Kibernetika İnstitutunun laboratoriya rəhbəri Asəf Hacıyev may ayında yerli mediaya bildirib ki, bu yeniliyə görə, artıq Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində patent alınıb.

Həmin vaxt cənab Hacıyev deyib ki, yeni klaviatura düzülüşü rus və ingilis hərflərinin düzülüşünə əsaslanan klaviaturalaradan bir çox üstünlüklərə malik olacaq.

“Əvvəllər rus hərflərinin düzülüşündən istifadə olunurdu. Sonra ingilis düzülüşü əsas götürüldü. Bu zaman çatışmayan Azərbaycan hərfləri müxtəlif yerlərə yerləşdirildi”.

İngilis düzülüşünü “daha pis” adlandıran müəllif rus hərflərinə əsaslanan düzülüşdə barmaqlara düşən yükün azaldığını və sürətli yığım prosesinin olmasını vurğulayıb.

“…biz milli klaviaturanı hazırlayarkən belə qərara gəldik ki, Azərbaycan dilinin xüsusiyyətlərini özündə əks etdirən düzülüş yaradaq.

1867-ci ildə amerikalı ixtiraçı Christopher Sholes tərəfindən icad edilmiş ilk kommersiya baxımından uğurlu çap makinasında ABCDEF klaviaturası istifadə olunub.

Daha sonra ixtira müəllifi tez-tez işlənilən hərflərin bir-birinə ilişməsi kimi mexanizm problemini aradan qaldırmaq üçün həmin düymələri ayırıb ki, buda indi dünya boyu istifadə edilən QWERTY düzülüşündə əksini tapıb.

QWERTY-ni daha sürətli çap etmək imkanını verən müxtəlif düzümlü klaviatura ilə əvəzləmək təklifləri geniş dəstək qazanmayıb.