Kəlbəcər - dağların əhatəsindəki zəngin rayon - BBC News Azərbaycanca
- ️https://www.facebook.com/bbcnews
- ️Wed Nov 25 2020
Şəklin mənbəyi, Kəlbəcər RİH
25 Noyabr 2020
Evlərindən çıxara bildikləri əşyaları, yorğan döşəkləri at belinə yükləyən insanlar, qarın altında üstü açıq yük maşınlarına toplaşmış ailələr, qar üzərində ayaqyalın yeriyən insanlar, ərazidən çıxmaq üçün vertolyota tələsənlər - Bunlar birinci Qarabağ müharibəsində Dağlıq Qarabağdan kənarda yeləşən Kəlbəcər rayonunun işğalı zamanı çəkilmiş və arxivə düşən görüntülərdir.
Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin qışında işğal olunub.
Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.
Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi.
Şəklin mənbəyi, Kəlbəcər RİH
Tarixi
Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib, Kəlbəcər İcra Hakimiyyətinin saytında bildirilir.
Kəlbəcərin iqtisadiyyatını əsasən heyvandarlıq və əkinçilik təşkil edib.
Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bundan başqa rayonun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.
Kəlbəcər 1930-cu ilin avqustunda inzibati rayon statusu alıb. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhəridir.
Rayon ərazisinin çox hissəsi meşəlikdir. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Rayon qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Burada Alagöllər, Qaragöl, Zalxa gölü və digər göllər var.
Şəklin mənbəyi, Kəlbəcər RİH
Mədəniyyəti
Rayonun İcra Hakimiyyətinin saytında qeyd olunur ki, "Kəlbəcər" ifadəsi "çay üstündə qala" deməkdir.
Kəlbəcərin yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar var.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə məşhurdur.
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib və həmin zavod sutkada 800 min litr su istehsal edib.
Rayonun İstisu qəsəbəsində iki İstisu sanatoriyası fəaliyyət göstərib.
Kəlbəcərdə aşıq sənəti geniş inkişaf edib. Məşhur "Dədə Şəmşir" ləqəbli Aşıq Şəmşir Aşıq Ələsgərin müasiri olub.
Şəklin mənbəyi, Kəlbəcər RİH
Ağdaban faciəsi
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. Kəndin 460 nəfər əhalisi olub.
1992-ci il aprelin 8-də erməni silahlılarının Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 30-dan çox sakin öldürülüb, yüzlərlə insana işgəncələr verilib, əsir götürülənlər olub.
Rayonun icra hakimiyyətinin saytında qeyd edilir ki, Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub.
Şəklin mənbəyi, Wikipedia
İşğalı
Rayon 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
İşğal nəticəsində Kəlbəcərdən 53 mindən çox insan köçkün düşüb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, Azərbaycan mənbələrində bildirilir.
Kəlbəcərin əhalisi 77 mindən çoxdur. Onların 12 minə yaxını şəhər, qalanı isə kənd əhalisidir. Buradan olan məcburi köçkünlərin sayı 67 min nəfərə yaxındır.
Şəklin mənbəyi, Wikipedia
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində yaşayır.
Köçkünlərin əksəriyyəti Gəncə şəhərində, Bakıda, Goranboyda, Bərdədə, Göygöl, Tərtər, Abşeron, Yevlax və digər 46 şəhər və rayonda müvəqqəti məskunlaşıblar.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayon ərazisində 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi qalıb.
Şəklin mənbəyi, Wikipedia
İkinci Qarabağ müharibəsindən qabaq Kəlbəcər
İşğaldan sonra ermənilər burada Ermənistanı Dağlıq Qarabağla əlaqələndirmək üçün ikinci dəhliz açıb.
İlk dəhliz Laçındandır.
Şəklin mənbəyi, ALEXANDER NEMENOV/Getty Images
İkinci Qarabağ müharibəsində Kəlbəcər
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də başlayan döyüşlərdən bəri ilk dəfə Kəlbəcərin azad edilməsilə bağlı xəbəri oktyabrın sonunda bildirmişdi.
O, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Kəlbəcər rayonun bir hissəsinin işğalçılardan azad edildiyini bəyan etmişdi.
Daha sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı.
Bu bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytarmalı idi.
Lakin noyabrın 15-də Azərbaycan rəsmiləri bəyan etdilər ki, Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istəyib.
Bundan sonra Kəlbəcərdə məskunlaşmış ermənilərin ərazidən çıxmaq istəməmələri ilə bağlı sosial mediada və kütləvi informasiya vasitələrində görüntülər yayıldı.
BBC News müxbirinin Kəlbəcərdən hazırladığı reportajlarda buranı tərk edən erməni əhalisininin evlərindən çıxara bildiklərini götürdükləri, bəzilərinin evlərinə od vurduğu görünür.
Evlərinə od vuranlar deyirlər ki, onlar evlərinin azərbaycanlılara qalmasını istəmirlər.